Avropa və Mərkəzi Asiya (AMA) ölkələrində iqtisadi artımın sürətlənməsi üçün mövcud resurslardan daha səmərəli istifadə və bacarıqlara sərmayə əsas şərtdir.
Bu barədə Dünya Bankının hesabatında bildirilib.
Hesabata əsasən, təkcə kapital və işçi qüvvəsinin artırılması kifayət etmir – artımın davamlı olması üçün məhsuldarlığın yüksəldilməsi vacibdir. Dünya Bankı qeyd edir ki, məhsuldarlığın 10% artması region üzrə təxminən 2 milyon yeni iş yeri yarada bilər ki, bu da məhsuldarlıqla məşğulluq arasında güclü əlaqəni təsdiqləyir.
Sənəddə vurğulanır ki, qlobal maliyyə böhranından sonra AMA regionunda artım tempinin zəifləməsi əsasən məhsuldarlığın artımındakı tormozlanma ilə bağlı olub. İslahatların ləngiməsi, səmərəsiz dövlət müəssisələrinin yüksək payı, zəif ticarət inteqrasiyası və şirkətlərin məhdud bacarıqları potensialın tam reallaşmasına maneə yaradır. Dünya Bankına görə, məhsuldarlıq əvvəlki səviyyədə artsaydı, regionun ÜDM-i bu gün təxminən 62% daha yüksək ola bilərdi.
Hesabat həmçinin göstərir ki, regionun ən məhsuldar şirkətləri ixracatçılardır və onlar ümumi şirkətlərin az bir hissəsini təşkil etsələr də, investisiyalar və dəyər yaradılması baxımından əsas yükü daşıyırlar. AMA ölkələri hazırda öz potensiallarından orta hesabla 45% az ticarət edirlər, bu isə xarici investisiyalar və ticarət inteqrasiyası üçün böyük imkanların olduğunu göstərir.
Dünya Bankı bildirir ki, məhsuldarlıq artımı üçün ticarət, investisiya, rəqəmsallaşma, səmərəlilik və bacarıqlar sahəsində islahatlara yeni təkan verilməlidir. Regional direktor Asad Alam qeyd edib ki, “rəqabətin güclü olduğu, texnologiya və maliyyəyə çıxışın genişləndiyi, işçilərin isə yeni texnologiyalara uyğunlaşmaq üçün zəruri bacarıqlara malik olduğu şəraitdə məhsuldarlıq yüksəlir və bu, ölkələrin gəlirlərini artırır”.
Hesabatın nəticələri göstərir ki, hökumətlərin düzgün iqtisadi siyasət və şəffaf idarəetmə ilə islahatları sürətləndirməsi halında AMA regionu iqtisadi artım tempini bərpa edə və daha rəqabətqabiliyyətli iqtisadi modelə keçə bilər.
