Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılmasına dəstək verəcək | Banco.az

Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılmasına dəstək verəcək

Dünya Bankı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin qazpaylama şəbəkəsində qaz sızmalarının aşkarlanması və aradan qaldırılması mexanizminin investisiya maliyyələşdirilməsi layihəsini nəzərdən keçirir.

 Layihənin ümumi dəyəri 15 milyon ABŞ dollarıdır.

Onun Dünya Bankının Direktorlar Şurasında təsdiq edilməsi bu il aprel 23-nə planlaşdırılıb. Layihə bütün ölkə ərazisini əhatə edəcək, eyni zamanda maliyyə vasitəçilərinin cəlb edilməsi nəzərdə tutulmur.

Təşəbbüsün məqsədi "Azəriqaz"ın istismar etdiyi qazpaylayıcı şəbəkədən metan emissiyalarının azaldılması, həmçinin şirkətin aktivlərin idarə edilməsi sahəsində potensialının gücləndirilməsidir.

Dünya Bankının qiymətləndirməsinə görə, "Azəriqaz" köhnəlmiş infrastruktur səbəbindən əhəmiyyətli qaz sızmaları ilə üzləşir və bu infrastrukturun böyük hissəsi 50 ildən çox istismar edilir. Sızmaların həcmi ildə təxminən 160 milyon kubmetr qaz təşkil edir ki, bu da 107 kiloton metan (CH₄) ekvivalentinə bərabərdir. Təhlil göstərir ki, həcm baxımından bu sızmaların təxminən 80 %-i yeddi il ərzində nisbətən sadə və iqtisadi cəhətdən səmərəli tədbirlər hesabına aradan qaldırıla bilər.

Bankın məlumatına görə, qlobal istiləşmə potensialı (GWP) əmsalının 28-ə bərabər götürülməsi ilə layihənin icrası istixana qazı emissiyalarını ildə təxminən 2,4 milyon ton CO₂-ekvivalentinə qədər azaltmağa imkan verəcək.

Layihə çərçivəsində "Azəriqaz"ın qazpaylayıcı sistemində qaz sızmalarının müəyyənləşdirilməsi və aradan qaldırılması (LDAR) üzrə ixtisaslaşmış maliyyə mexanizmi yaradılacaq. O, "GFMR trest" fondundan əldə ediləcək ilkin qrant hesabına işə salınacaq. Qrantın alıcısı, həmçinin qrant və Fond hesablarının sahibi SOCAR olacaq. "Azəriqaz" isə yeganə benefisiar və layihənin gündəlik icrası və idarə edilməsinə cavabdeh olan icraçı təşkilat olacaq.

Sızmaların aşkarlanması və təmiri üzrə razılaşdırılmış tədbirlərin həyata keçirilməsi üçün maliyyə vəsaitləri SOCAR-dan "Azəriqaz"a yönləndiriləcək. Bu isə metan emissiyalarını mərhələli şəkildə azaltmağa imkan verəcək. Layihə "Azəriqaz"ın Bakıda qaz sızmalarının baza xəttinin formalaşdırılması üzrə pilot proqramının təcrübəsinə əsaslanacaq.

Uzunmüddətli təsirin təmin edilməsi üçün mexanizmin əsas elementi sızmalarının aradan qaldırılmasından sonra əldə olunan qənaət nəticəsində formalaşan maliyyə gəlirlərinin böyük hissəsinin yenidən Fonda yönəldilməsi olacaq. Bu, "Azəriqaz"ın aktivlərinin sonrakı bərpası üçün əlavə kapitalın səfərbər edilməsinə imkan verəcək.

Bundan əlavə, ilkin mərhələdə GFMR vəsaitləri, sonrakı mərhələdə isə Fondun resursları şirkətin OGMP 2.0 standartına uyğun olaraq emissiyaların monitorinqi, hesabatlılığı və verifikasiyası (MRV) sahəsində potensialının artırılmasına yönəldiləcək. Dünya Bankının qiymətləndirməsinə görə, qrant maliyyələşməsi "Azəriqaz"ın məhdud maliyyə imkanları səbəbindən digər hallarda həyata keçirilməsi mümkün olmayan tədbirlərin reallaşdırılmasına şərait yaradacaq və metan emissiyalarının azaldılmasını cari onillikdə təmin edəcək. (Report)