Deutsche Bank və Barclays S&P 500 indeksinə dair proqnozlarını yaxşılaşdırıblar | Banco.az

Deutsche Bank və Barclays S&P 500 indeksinə dair proqnozlarını yaxşılaşdırıblar

Müəllif - Fərid İslamov - Banco.az

Deutsche Bank və Barclays analitikləri ABŞ-ın fond bazarındakı S&P 500 indeksinə dair proqnozlarını yüksəldiblər.

Deutsche Bank indi ilin sonuna qədər indeksin 7 min bəndə çatacağını gözləyir, halbuki daha əvvəl 6550 bənd proqnozlaşdırılmışdı.

Çərşənbə axşamı ticarət sessiyasının sonunda S&P 500 indeksinin dəyəri 6512,61 bənd təşkil edib. Beləliklə, yeni proqnoz 7,5% artım nəzərdə tutur.

Deutsche Bank analitikləri həmçinin S&P 500 indeksinə daxil olan şirkətlərin bir səhmə düşən orta mənfəət (EPS) göstəricisinə dair qiymətləndirməni $267-dən $277-ə qaldırıblar. Bu dəyişiklik ikinci rüb üzrə yaxşı maliyyə nəticələri ilə izah olunur.

Barclays ekspertləri də indeks üçün proqnozu 6050 bənddən 6450 bəndə yüksəldiblər. Bu isə hazırkı səviyyədən 1%-lik azalma deməkdir. Onlar həmçinin EPS göstəricisini $262-dən $268-ə qaldırıblar.

Bununla yanaşı, Barclays 2026-cı ildə indeksin 7000 bəndə yüksələcəyini gözləyir (əvvəlki proqnoz — 6700 bənd idi). EPS göstəricisi$285-dən $295-ə artırılıb.

Wells Fargo Securities analitikləri isə S&P 500 indeksinin gələn ilin sonuna qədər 7200 bəndə çatacağını ehtimal edirlər (əvvəl 6800 bənd gözlənilirdi). Bu, indiki səviyyədən təxminən 11%-lik artım deməkdir. Onların proqnozuna görə, 2025-ci ilin sonuna qədər indeks 6650 bəndə çatacaq.