Müəllif - Fərid İslamov - Banco.az
Burger King, Popeyes Louisiana Kitchen və Tim Hortons kimi sürətli iaşə şəbəkələrinin sahibi olan Kanada–Amerika şirkəti Restaurant Brands International (RBI), Çinin investisiya şirkəti CPE ilə Burger King China-ya sərmayə qoyuluşu barədə razılığa gəlib. Bu barədə The Wall Street Journal xəbər verir.
CPE şirkəti Çində yeni restoranların açılmasını, marketinqi, menyunun yenilənməsini və ümumi fəaliyyətin inkişafını dəstəkləmək üçün Burger King China-ya 350 milyon dollar yatıracaq. Müqaviləyə əsasən, CPE şirkəti Burger King-in Çin bölməsində 83% paya, RBI isə 17% paya sahib olacaq.
CPE beş il ərzində Çindəki Burger King restoranlarının sayını ikiqat artıraraq təxminən 2,500, on il ərzində isə ən azı 4,000 restorana çatdırmağı öhdəsinə götürüb.
Xatırladaq ki, RBI bu ilin fevralında Burger King China layihəsindəki əvvəlki tərəfdaşlarının paylarını təxminən 158 milyon dollara almış və yerli bazarda artımı sürətləndirmək üçün yeni Çin tərəfdaşı axtaracağını açıqlamışdı.
