Çinin iqtisadi artımı son 3,5 ilin ən aşağı səviyyəsinə düşüb | Banco.az

Çinin iqtisadi artımı son 3,5 ilin ən aşağı səviyyəsinə düşüb

Müəllif:Mehin Qasımova,Banco.az

Çin iqtisadiyyatı 2026-cı ilin ikinci rübündə gözləntilərdən zəif nəticə göstərərək son dörd ilə yaxın dövrün ən aşağı artım tempini qeydə alıb. Daxili tələbatın zəifləməsi və daşınmaz əmlak sektorundakı geriləmə iqtisadi artıma mənfi təsir göstərib.

Banco.az xəbər verir ki, Çin iqtisadiyyatı ikinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artıb. Bu göstərici bazar iştirakçılarının 4,5 faizlik proqnozundan aşağı olmaqla yanaşı, birinci rübdə qeydə alınan 5 faizlik artımdan da zəif olub. Beləliklə, ölkədə iqtisadi artım tempi 2022-ci ilin son rübündən bəri ən aşağı səviyyəyə enib.

Rüblük müqayisədə isə Çin iqtisadiyyatı 0,9 faiz böyüyüb. Bu göstərici bazar gözləntilərinə uyğun gəlsə də, əvvəlki rübdə qeydə alınan 1,3 faizlik artım tempindən aşağı olub.

Məlumata görə, iqtisadi artımın zəifləməsində əsas amillərdən biri daşınmaz əmlak sektorundakı durğunluq olub. Bu sahəyə yatırılan investisiyalar ikinci rübdə 18 faiz azalıb. Eyni zamanda, istehlak və daxili tələbatın zəif qalması iqtisadi aktivliyə təzyiq göstərməyə davam edib.

Bununla yanaşı, sənaye sektoru müsbət dinamikanı qoruyub. Hesabat dövründə sənaye istehsalı 5,3 faiz artaraq istehsal və ixracın iqtisadi artımı dəstəkləməyə davam etdiyini göstərib.

Analitiklərin fikrincə, daxili tələbin zəif qalması və daşınmaz əmlak bazarındakı problemlər aradan qaldırılmasa, Çin iqtisadiyyatının qarşıdakı rüblərdə də aşağı artım tempi ilə üzləşməsi ehtimalı yüksəkdir.