Çin daşınmaz əmlak böhranı dərinləşir | Banco.az

Çin daşınmaz əmlak böhranı dərinləşir

Müəllif:Mehin Qasımova,Banco.az

Çinin daşınmaz əmlak sektorunda gərginlik yenidən artır.

 

Banco.az xəbər verir ki, dövlət tərəfindən dəstəklənən tikinti nəhəngi China Vanke Co.-da böhran daha da dərinləşdiyi üçün bazarda həyəcan siqnalları yenidən eşidilir.

Şirkət investorları inandırmağa çalışır ki, hökumət müdaxiləsi olmadan qarşıdakı aylarda defolt təhlükəsindən yayınmaq mümkündür. Lakin bazar iştirakçıları vəziyyətin sürətlə pisləşdiyini bildirirlər.

Bir vaxtlar ölkənin ən böyük tikinti şirkətlərindən biri olan Vanke-nin istiqrazları bu həftə ciddi dəyər itirib. Şirkətin 2029-cu ilin mayında ödənilməsi nəzərdə tutulan yuanla istiqrazları 19 yuan ucuzlaşaraq 75 yuana, 2027-ci ildə ödənişi başa çatan dollarlıq istiqrazları isə çərşənbə axşamı rekord 12 sentlik enişdən sonra bu səhər də aşağı düşərək 40 sentə geriləyib. Bu, yanvar ayından bəri ən aşağı göstəricidir.

"Vanke" ətrafında yaranan vəziyyət Çin rəhbərliyinin mənzil bazarını dirçəltmək səylərinə ciddi maneə yarada bilər. Çin rəsmiləri bazarı canlandırmaq üçün əlavə tədbirləri müzakirə etsələr də, sentyabr ayında qəbul edilən qərarların təsiri qısamüddətli olub.

Qlobal banklar artıq ikinci rübdən etibarən satışlarda yenidən azalmanın müşahidə olunduğunu qeyd edərək, Çin daşınmaz əmlak bazarı ilə bağlı pessimist mövqedədirlər. "UBS" mənzil qiymətlərinin ən azı iki il də düşməyə davam edəcəyini proqnozlaşdırır. "Fitch Ratings" isə ötən ay xəbərdarlıq edib ki, sektorun sabitləşməsi üçün yeni ev satışları regiondan asılı olaraq indiki səviyyədən 15–20% aşağı düşə bilər.