Çin avtomobil markaları Avropada yüksəlişini davam etdirir | Banco.az

Çin avtomobil markaları Avropada yüksəlişini davam etdirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin avtomobil markaları Avropa avtomobil bazarında satışlarını və bazar paylarını artıraraq yüksəlişlərini davam etdirirlər.

Banco.az xəbər verir ki, avtomobil məlumat təminatçısı JATO Dynamics-dən əldə edilən məlumatlara görə, Çin avtomobil markalarının bu ilin ilk yarısındakı bazar payı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə artaraq 5,1 faizə çatıb.

Həmin dövrdə Avropada avtomobil satışları 1,9 faiz azalaraq 5 milyon 576 min 568 ədədə enib. Avropanın avtomobil bazarı daraldıqca rəqabət daha da güclənib ki, bu da əsasən Avropa, Yaponiya, Cənubi Koreya və ABŞ mənşəli avtomobil istehsalçılarının ziyanına işləyib.

Buna qarşılıq olaraq Çin avtomobil markaları Avropa bazarındakı böyümə performansını davam etdirir. İlin əvvəlindən bəri bazar payında Çin markaları 5,2 faiz paya sahib olan Mercedes-in dərhal arxasında, 3,8 faiz paya sahib Ford-un isə qarşısında yer alır.

Qiymət siyasətində xüsusilə aqressiv yanaşma sərgiləyən Çin avtomobil markaları, 2025-ci ilin ilk yarısında ötən ilin eyni dövrünə nisbətən 311 faiz artımla 70 min 500 satışa nail olub. İyun ayına baxıldıqda isə Çin markalarının Mercedes-i geridə qoyduğu görünür.

Bu sürətli artımda BYD, JAECOO, Omoda, Leapmotor və Xpeng kimi Çin avtomobil istehsalçılarının rolu böyükdür. Təkcə iyunda BYD, 15 min 565 ədəd satışla ən çox satan 25 marka arasına daxil olaraq Suzuki, MINI və Jeep-i geridə qoyub.

BYD SEAL U iyun ayında Avropada Volkswagen Tiguan ilə birlikdə ən çox satılan plug-in hibrid model olub, ilin ilk yarısında isə üçüncü yerdə qərarlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram