BVF ilə Ukrayna arasında 8,2 milyard dollarlıq saziş imzalandı | Banco.az

BVF ilə Ukrayna arasında 8,2 milyard dollarlıq saziş imzalandı

Müəllif:Mehin Qasımova,Banco.az

Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna ilə 48 aylıq 8,2 milyard dollarlıq yeni proqram üzrə razılıq əldə edildiyini açıqlayıb.

Banco.az xəbər verir ki, BVF açıqlamasında yeni proqram tələbi çərçivəsində nümayəndə heyətinin 17-21 noyabr tarixləri arasında Ukrayna rəsmiləri ilə görüşlər keçirdiyini bildirib.

Bəyanatda deyilir ki, BVF və Ukrayna rəsmiləri yeni 48 aylıq 8,2 milyard dollarlıq Genişləndirilmiş Fond Mexanizmi (EFF) razılaşması üzrə işçilər səviyyəsində razılığa gəliblər.

Bəyanatda Rusiyanın apardığı müharibənin Ukrayna xalqı və iqtisadiyyatı üzərinə ağır yüklər qoymağa davam etdiyi vurğulanaraq, Ukrayna hakimiyyətinin makroiqtisadi sabitliyin qorunması, borcun davamlılığının təmin edilməsi və xarici tarazlığın bərpasına sadiq qaldığı qeyd edilib.

Bəyanatda həmçinin qeyd olunub ki, Ukrayna hakimiyyəti kölgə iqtisadiyyatı ilə mübarizə, korrupsiyanın qarşısının alınması və dövlət müəssisələrində, o cümlədən dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində səylərini davam etdirir.