Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyanın ixtisaslaşmış kimyəvi maddələr şirkəti “Wacker Chemie” 2027-ci ilin sonuna qədər 1500 işçisini işdən çıxaracağını açıqlayıb.
Banco.az xəbər verir ki, şirkətin açıqlamasında bildirilib ki, kimya sektorundakı bir çox digər şirkət kimi “Wacker” də iqtisadi təzyiq altındadır.
Bu səbəbdən, xərc azaldılması proqramı çərçivəsində şirkətin 2027-ci ilin sonuna qədər işçi qüvvəsinin təxminən 9 faizini ixtisar edəcəyi qeyd edilib. Açıqlamada “Qənaətin yarısı işçi sayının azaldılmasından əldə ediləcək. Planlaşdırılan ixtisar çərçivəsində dünya üzrə 1500-dən çox iş yerinin ləğv edilməsi gözlənilir” ifadəsi yer alıb.
Açıqlamada həmçinin bildirilib ki, işdən çıxarmaların böyük qismi “Wacker”in Almaniyadakı müəssisələrində həyata keçiriləcək.
“Wacker Chemie”nin baş direktoru Kristian Hartel məqsədlərinin xərcləri rəqabətədavamlı səviyyəyə endirmək olduğunu vurğulayaraq, ölkədəki “həddindən artıq yüksək enerji qiymətlərini və bürokratik maneələri” kimya sənayesinin uğurlu inkişafının qarşısındakı ən böyük əngəl kimi qiymətləndirib.
Şirkət 2025-ci ilin oktyabr ayında istehsal mühiti və idarəetmə strukturunda xərclərin azaldılmasına nail olmaq məqsədilə “PACE” adlı layihə başlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!
