Bu şəxslərə aylıq 1000 manatadək mükafat veriləcək | Banco.az

Bu şəxslərə aylıq 1000 manatadək mükafat veriləcək

Bu il Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələrdə çalışan 500 tədqiqatçının hər ay 1000 manatadək məbləğdə mükafatlandırılması nəzərdə tutulur.

Bu barədə Banco.az xəbər verir.

Bildirilib ki, cari ildə layihə üzrə qiymətləndirmə mexanizmi elmmetriya sahəsində ixtisaslaşmış beynəlxalq şirkət olan “Clarivate”in mütəxəssisləri və Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlıq çərçivəsində təkmilləşdirilib. Yenilənmiş qaydalar Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tərəfindən təsdiq olunub.

Yeni qaydalara əsasən, mükafatlandırılacaq tədqiqatçıların sayı artırılıb, eləcə də qiymətləndirmə meyarları genişləndirilib. Belə ki, “Web of Science Core Collection” bazasında indekslənən Q1 və Q2 kateqoriyalı jurnallarla yanaşı, Q3 və Q4 kateqoriyalı jurnallarda dərc olunan elmi işlər də qiymətləndirməyə daxil edilib. Bundan əlavə, tədqiqat nəticələrinin real sektora transferinin təşviqi məqsədilə ilk dəfə olaraq patent və faydalı modellər hesablama mexanizminə bonus bal kimi əlavə olunub. Təkmilləşdirilmiş qaydaların tətbiqinə 2026-cı ilin may ayından başlanılacaq.

Xatırladaq ki, “Alimlərin maddi mükafatlandırılması layihəsi” 2024-cü ildən etibarən həyata keçirilir və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına xidmət edir. Məqsəd elmi fəaliyyətin nəticəyönümlülüyünü artırmaq, tədqiqatçıların beynəlxalq elmi bazalarda fəallığını təşviq etmək və elmi nəticələrin praktik tətbiqinə dəstək verməkdir. Layihənin ilk ilində 150-dək, 2025-ci ildə isə 300-dək alim bu imkandan yararlanıb.