Bu ölkə böyük vergi islahatlarına hazırlaşır | Banco.az

Bu ölkə böyük vergi islahatlarına hazırlaşır

Müəllif:Ayşən İmanova/Banco.az

Tailand hökuməti vergi sistemində həm hüquqi, həm də fiziki şəxslərə təsir edəcək böyük islahatlar planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məqsəd iqtisadi rəqabət qabiliyyətini artırmaq və gəlir bərabərsizliyini azaltmaqdır.

Ölkənin xarici investorlar üçün daha cəlbedici olması və qlobal standartlara cavab verməsi üçün korporativ mənfəət vergisi dərəcəsinin 20%-dən 15%-ə endirilməsi planlaşdırılır.

Bundan əlavə, fiziki şəxslər üçün gəlir vergisi dərəcəsinin 35 %-dən 15 %-ə endirilməsi nəzərdə tutulur. Bununla isə digər ölkələrdən istedadlı mütəxəssisləri ölkənin inkişaf etməkdə olan iqtisadiyyatına cəlb etmək planlaşdırılır.

Maliyyə Nazirliyi 15-25% qlobal standarta yaxınlaşmaq üçün hazırkı dərəcəsi 7% olan ƏDV-nin artırılması variantlarını da araşdırır.

Qeyd olunub ki, ƏDV-nin artırılması geniş ictimaiyyət üçün potensial olaraq həssas addım olsa da, iqtisadi bərabərsizliyin azaldılması üçün mühüm vasitədir.