Bu kəndə köçənlərə 100 min avroya qədər dəstək veriləcək | Banco.az

Bu kəndə köçənlərə 100 min avroya qədər dəstək veriləcək

Müəllif: Mehin Qasımova, Banco.az

İtaliyanın şimalında yerləşən Palu del Fersina bələdiyyəsi əhalinin azalmasının qarşısını almaq və kənd ərazilərini canlandırmaq məqsədilə yeni təşviq proqramına başlayıb.

Banco.az xəbər verir ki, Trentino-Alto Adige bölgəsində yerləşən və əhalisi cəmi 188 nəfər olan kənd yeni sakinləri cəlb etmək üçün onlara 100 min avroya qədər maliyyə dəstəyi təqdim edəcək. 

Proqram çərçivəsində kənddə ev almaq və həmin əmlakı bərpa etmək istəyən şəxslərə birbaşa maliyyə yardımı göstəriləcək. Məqsəd uzun müddətdir davam edən əhali azalmasının qarşısını almaq və istifadəsiz qalan evlərin yenidən yaşayış üçün yararlı vəziyyətə gətirilməsidir.

Proqram üzrə nəzərdə tutulan 100 min avroluq maliyyə dəstəyi iki hissədən ibarətdir.

Kənddə əmlak alan yeni sakinlərə 20 min avro məbləğində ilkin dəstək veriləcək. Bundan əlavə, alınan evin təmiri və bərpası üçün 80 min avroya qədər maliyyə yardımı ayrılacaq.

Təşviq proqramından yararlanmaq üçün müəyyən tələblər müəyyənləşdirilib. Hazırda Palù del Fersinada yaşamayan, lakin İtaliyada qanuni şəkildə əmlak sahibi olan şəxslər proqram çərçivəsində müraciət edə bilərlər.

Proqramda yaşla bağlı da şərt qoyulub. Müraciət edən şəxslərin 45 yaş və yuxarı olması tələb olunur.