BTC ilə indiyədək 4,6 mlrd. barel neft nəql edilib | Banco.az

BTC ilə indiyədək 4,6 mlrd. barel neft nəql edilib

Bu ilin birinci yarısı ərzində Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC) üzrə əməliyyat xərclərinə təxminən 60 mln. ABŞ dolları, əsaslı xərclərə isə 30 mln. dollar vəsait xərclənib.

Bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin üçüncü yarısının nəticələrinə həsr olunmuş hesabatında bildirilir.

Hesabata əsasən, 1768 km uzunluğunda olan BTC boru kəməri ilə 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin birinci yarısının sonunadək ümumilikdə təqribən 605 mln. ton (təqribən 4,6 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 6 007 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

“Bu ilin birinci yarısı ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 13 mln. ton (təxminən 106 mln. barel) xam neft və kondensat Ceyhan terminalında 145 tankerə yüklənib və yola salınıb”, – hesabatda bildirilir.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), “TotalEnergies” (5%), ITOÇU (3,40%), ONGC Videş (3,10%), EksonMobil (2,50%) və İNPEKS (2,50%) şirkətləridir.