Britaniyada mənzil qiymətləri rekord həddə çatıb | Banco.az

Britaniyada mənzil qiymətləri rekord həddə çatıb

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniyada mənzil qiymətləri rekord həddə çatıb - noyabrda bir evin orta qiyməti təxminən 300 min funt sterlinqə qalxıb.

Banco.az xəbər verir ki, bu barədə Avropa ölkəsinin ən böyük ipoteka kreditoru olan “Halifax Bank”ın  araşdırmasında deyilir.

Məlumata görə, ev qiymətləri noyabrda 1,3% artaraq 298,08 min funt-sterlinqə yüksəlib. Mütəxəssislərin fikrincə, artıq beşinci aydır ki, müsbət dinamika müşahidə olunur.

“Bu baxımdan illik qiymət artımı 4,8% təşkil edib ki, bu da 2022-ci ilin noyabrından bəri ən yüksək göstəricidir. Nəticədə, oktyabr ayında qeydə alınan rekord orta ev qiyməti daha da artıb”, - ipoteka kreditləri şöbəsinin rəhbəri Amanda Brayden bildirib.

Mənzil qiymətləri ən çox Şimali İrlandiyada artıb. Burada daşınmaz əmlak bazarında illik inflyasiya 6,8%-ə çatıb. Ondan sonra İngiltərənin Qərbi (5,9%) və Qərbi Midlend (5,5%) gəlir.

Ən əlçatmaz evlər Londonda qeydə alınıb. Britaniya paytaxtında ev almaq orta hesabla 545,5 min funt sterlinqə başa gələcək. Analitiklər 2023-cü illə müqayisədə qiymətlərin 3,5% artdığını vurğulayıblar.