Brent neftinin qiymətləri gün içi maksimumlardan enərək 63,8 dollar/barel səviyyəsindədir | Banco.az

Brent neftinin qiymətləri gün içi maksimumlardan enərək 63,8 dollar/barel səviyyəsindədir

Müəllif - Fərid İslamov - Banco.az

Bazar ertəsi günü neft qiymətləri cüzi artımda qalır, lakin gün ərzində əldə olunan maksimum səviyyələrdən bir qədər geriləyib.

Bazarın əsas dəstək amili ABŞ-da artıq 40 gündür davam edən hökumət bağlanmasının (“şatdaun”) yaxın zamanda başa çatacağına dair ümidlərdir.

ABŞ Senatı federal hökumətin maliyyələşdirilməsini bərpa etmək üçün vacib prosedur qərarını təsdiqləyib. Qərarın qəbul edilməsi üçün 60 səs tələb olunurdu və təşəbbüs 8 demokrat senator da daxil olmaqla kifayət qədər dəstək qazanıb.

Senat daha əvvəl Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş qanun layihəsini, razılaşdırılmış dəyişikliklərlə təsdiqlədikdən sonra sənəd yenidən aşağı palataya göndəriləcək.

A/S Global Risk Management analitiki Arne Lohmann Rasmussen bildirib:

“Bu razılaşma fond bazarları və neft qiymətlərinə dəstək oldu. Amma əsas sual budur: bu, neft bazarındakı mənfi tendensiyanı dəyişdirəcəkmi?”

Hazırda davam edən şatdaun ABŞ-da minlərlə aviareysin ləğvinə və ya təxirə salınmasına səbəb olub, buna görə də ekspertlər aviabenzinə (aviasiya yanacağına) olan tələbatın azalmasından ehtiyat edirlər.