Böyük Britaniya “Lukoyl”un xarici aktivlərini sanksiyalardan azad edib | Banco.az

Böyük Britaniya “Lukoyl”un xarici aktivlərini sanksiyalardan azad edib

Müəllif:Mehin Qasımova,Banco.az

Böyük Britaniya hökuməti Rusiyanın “Lukoyl” şirkətinin xarici aktivlərini müvəqqəti olaraq sanksiyalardan azad edib.

Banco.az xəbər verir ki, qərar barədə məlumat Böyük Britaniya Xəzinədarlığının rəsmi saytında dərc olunub.

Yeni qərara əsasən, şirkətin beynəlxalq aktivləri üçün “baş lisenziya” 27 noyabr 2025-ci ildən 26 fevral 2026-cı ilədək qüvvədə olacaq. Bu müddət ərzində Lukoil International və onun törəmə şirkətləri mövcud və ya yeni müqavilələr əsasında ödənişlər həyata keçirə, həmçinin ödənişlər qəbul edə biləcəklər.

Xəzinədarlığın açıqlamasında bildirilir ki, lisenziya "Lukoil" International şirkətləri ilə davamlı biznes əməliyyatlarına imkan verir.

Rusiyanın enerji nəhəngi hazırda Azərbaycan, Qazaxıstan, Özbəkistan, İraq, Misir, Kamerun, Nigeriya, Qana, Meksika, BƏƏ və Konqo Respublikasında layihələrdə iştirak edir. Şirkət həmçinin Avropada neft emalı zavodlarına və 19 ölkədə yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir. “Lukoyl”un xarici aktivlərinin dəyəri təxminən 14 milyard dollar qiymətləndirilir.

Qərbin sanksiyaları xüsusilə şirkətin İraqın cənubundakı Qərbi Qurna-2 kimi böyük layihələrdə iştirakını təhlükə altına qoyub.

“Lukoyl” 2025-ci ilin oktyabrında ABŞ, Aİ və Böyük Britaniyanın sanksiyalarına məruz qaldıqdan sonra təcili olaraq beynəlxalq aktivlərinə alıcı axtarmağa başlayıb. Bloomberg yazır ki, şirkət rəhbərliyi aktivləri “birdəfəlik” ləğv etmək niyyətində olsa da, proses ciddi maneələrlə üzləşib.

“Lukoyl” isə müəyyən olunmuş müddətdə bütün xarici aktivlərini sata bilməyəcəyindən və bunun nəticəsində bəzi aktivlərin milliləşdirilməsi riskinin yarandığından narahatdır.