Müəllif:Mehin Qasımova,Banco.az
Bitkoin həftəsonu kəskin ucuzlaşaraq illik qazancının 30%-dən çoxunu silib.
Banco.az xəbər verir ki, Tramp administrasiyasının kriptovalyutalara münasibətdə gözlənilən müsbət siyasətlərinə dair ümidlərin zəifləməsi satış təzyiqini daha da artırıb.
Aparıcı kriptovalyuta bazar günü 93 714 dollaradək enərək keçən ilin sonundakı bağlanış qiymətinin də altına düşüb. Xatırladaq ki, Bitkoin 6 oktyabrda 126 251 dollarlıq yeni tarixi maksimuma yüksəlmişdi. Lakin Trampın gözlənilmədən elan etdiyi tarif qərarları qlobal bazarlarda dalğalanma yaradaraq kripto bazarında geriləməni sürətləndirdi.
Bazar ertəsi məlumata əsasən, BTC 94 869 dollara qədər yüksələrək bir qədər toparlanıb.
Son bir ayda ETF menecerləri və iri korporativ investorlar da daxil olmaqla bir çox əsas oyunçular bazardan çəkilib. Bu isə ilin əvvəlində Bitcoin-in rekorda yüksəlməsinə təkan verən likvidlik axınını əhəmiyyətli dərəcədə zəiflədib. Eyni zamanda yüksək qiymətləndirilən texnoloji şirkətlərin səhmlərinin geri çəkilməsi ümumi risk iştahının azalmasına səbəb olub.
