Bir işçi iş yerində ən çox neçə il qalmalıdır? | Banco.az

Bir işçi iş yerində ən çox neçə il qalmalıdır?

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Bir işçinin bir iş yerində qalmasının hər hansı bir limiti yoxdur. Ümumiyyətlə, normal yanaşmaya görə, bir işçinin bir şirkətdə qalma müddəti təqribən 3 il hesab olunur. Bu müddət ərzində işçi normal bir iş mühitində həqiqətən də müəyyən bilik və bacarıqlar əldə edə bilər. Təbii ki, daha tez işdən çıxmaq da mümkündür və bunda hər hansı bir problem yoxdur".

Bunu Banco.az-a açıqlamasıda “HR Hunter” şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə deyib

Mütəxəssisin sözlərinə görə, bir ildən tez-tez iş yerlərini dəyişmək halları ardıcıl şəkildə baş verirsə, bu, qarşı tərəf tərəfindən sorğulana bilər: "Bir dəfə, iki dəfə baş verərsə, problem sayılmır. Lakin bu tez-tez təkrarlanırsa və əsaslı səbəblərlə izah olunmursa, müəyyən boşluq kimi qəbul edilə bilər. Bununla belə, bu hal mütləq fakt kimi qeydə alınmamalıdır.

Burada əsas məsələ işçinin potensialıdır, görəcəyi iş, bacarıqları və digər nüanslardır. Bütün bu amillər nəzərə alınmalı və buna uyğun qərar verilməlidir. Yəni yalnız bu meyar əsasında birbaşa qərar vermək düzgün deyil".

İ. Mirzəzadə qeyd edib ki, ümumilikdə, 1-3 il ətrafında müddət normal hesab olunur: "Daha tez çıxmaq mümkündür və bu tamamilə təbiidir. Eyni zamanda, bir iş yerində uzun illər qalmaq da orta hesabla mənfi hal kimi qiymətləndirilmir. Əgər işçi həmin müddət ərzində həqiqətən yeni biliklər öyrənirsə və inkişaf edirsə, bu müsbət haldır.

Amma ümumi yanaşma olaraq, yaxşı olar ki, işçi 3-5 il müddətində artıq iş yerini dəyişmək barədə də düşünsün ki, yeni mühitlər görsün, yeni kollektivlə işləsin, yeni bilik və təcrübələrə yiyələnsin. Lakin bu da mütləq bir qanun deyil və hər zaman fərdi vəziyyətə görə dəyərləndirilməlidir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram