Azərbaycanın ixracı niyə azalır? | Banco.az

Azərbaycanın ixracı niyə azalır?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 44 milyard 589 milyon ABŞ dolları olub. 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 480 milyon dollar və ya 3,4% çoxdur.   

Son 1 ildə Azərbaycanın ixracı 3,8% azalaraq 23 milyard 401 milyon ABŞ dollarına, idxalı isə 12,9% artaraq 21 milyard 188 milyon ABŞ dollarına yüksəlib.

İxrac ardıcıl bir neçə aydır ki, azalmaqda davam edir. Bunun səbəbləri nələrdir?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Banco.az-a bildirib ki, Azərbaycanda xarici ticarət dövriyyəsinin mənfiyə doğru inkişaf etməsinin səbəblərindən biri neft ixracının azalmasıdır: "Bu ixracın azalması xarici ticarət dövriyyəsində ixracatın çəkisini azaldır. Digər tərəfdən də ölkə daxilində qeyri-neft sektoru zəif inkişaf etdiyinə görə yerli istehsal aşağı düşür və bunun fonunda yerli istehsalın ortaya qoyacağı məhsulları idxal edirik. Ona görə də idxalımız artır, ixracatımız isə azalır.

Yəni, biz artıq xarici ticarət dövriyyəsində mənfi saldoya doğru gedirik. Uzun illər biz ticarətdə kəskin müsbət saldo ilə davam etmişik. Bu, neft ixracatının yaratdığı bir fon idi.

İndi isə neft ixracatı azaldığına görə, xarici ticarət dövriyyəsindəki profisit defisitlə əvəzlənməyə doğru gedir. 2023-cü ildə bizim profisitimiz, yəni, xarici ticarətdəki müsbət saldomuz 15 milyard dollar olub. 2024-cü ildə bu, 3 dəfə azalaraq 5 milyard dollara düşüb. Hazırkı göstəricilər onu deməyə əsas verir ki, 2025-ci il Azərbaycan üçün xarici ticarət dövriyyəsində mənfi saldo ilə yekunlaşa bilər".

Akif Nəsirli bildirib ki, biz bütün neft bumu dövründə və ondan sonrakı mərhələdə qeyri-neft sektorunun inkişafından çox danışmışıq, amma bu istiqamətdə az işlər görmüşük: "Əksinə, qeyri-neft sektorunun müflisləşməsi, iflasa uğraması istiqamətində müəyyən addımlar atılıb. Məsələn, bir neçə ildir ki, neftdən gələn gəlirlər azaldıqca büdcə kəsirini örtmək, daxilolma hissələrinin bərpa etmək üçün vergiləri artırmışıq.

Hal-hazırda Azərbaycan sahibkarı çox ciddi bir yük altındadırlar. Amma bu da büdcə tarazlığını formalaşdıra bilmir. Digər tərəfdən, bu ağır yük sahibkarlıq mühitini tənəzzülə uğradır və nəticədə istehsal zəifləyir və biz daha çox xaricdən məhsul idxal edirik. İdxal etdiyimiz məhsullar isə bütün istiqamətlər üzrədir. Kənd təsərrüfatı mənşəli təxminən 5 milyard dollara yaxın məhsul idxal edirik. Sənaye və digər bütün sahələr üzrə əksər məhsulları idxal edirik.

Amma bu, bir qədər başqa cür olmalıydı. Neftdən gələn gəlir azaldıqca elə etməli idik ki, o azalan gəlirləri qeyri-neft sektoru kompensasiya etsin".

"Çox təəssüf ki, vergi yükünü azalda bilmədik ki, sahibkarlıq, özəl sektor inkişaf etsin və indiki mərhələdə neftdən gələn gəlirlərin azalmasını özəl sektor kompensasiya edə bilsin: "Yəni biz bu keçidi bacarmadıq. Gözlədik ki, gəlirlər azalsın ondan sonra islahata başlayaq. İndi də ölkəyə daxilolmalar yavaş-yavaş azalır. Bundan sonra bəlkə islahat başlaya ki, qeyri-neft sektorunu inkişaf etdirək", - iqtisadçı qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram