Azərbaycanda yeni tikilən binalar üçün vahid istilik şəbəkəsi məcburi olacaq | Banco.az

Azərbaycanda yeni tikilən binalar üçün vahid istilik şəbəkəsi məcburi olacaq

"İstilik təchizatı haqqında" yeni qanun qüvvəyə mindikdən sonra tikilən çoxmənzilli yaşayış binaları layihələrində binaya aid olan bütün mənzillərin vahid bir istilik mənbəyindən və ya bir neçə binanı əhatə edən vahid şəbəkə vasitəsilə istilik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulmalıdır.

Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İstilik təchizatı haqqında" yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, çoxmənzilli yaşayış binaların layihələndirilərkən layihələrində hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasının nəzərdə tutulmasına yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda yol verilir. Halların mövcudluğuna hər bir bina üzrə Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti layihələrinin ekspertizadan keçirilməsi zamanı baxılır.
Layihəyə əsasən, tikinti obyektlərinin şəbəkəyə qoşulması şəffaf və ayrı-seçkiliyə yol verilmədən həyata keçiriləcək.
Tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə güc alması texniki şərtlər əsasında təmin olunacaq. Tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə güc alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə onların şəbəkəyə qoşulması bu qanunda nəzərdə tutulmuş qaydalarla tənzimlənəcək. Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin şəbəkəyə qoşulması qadağandır.
Çoxmənzilli yaşayış binalarının şəbəkəyə qoşulması (bu Qanun qüvvəyə minənədək tikilmiş yaşayış binalarına münasibətdə) və ya həmin şəbəkədən ayrılması yalnız binanın mənzil mülkiyyətçiləri (bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə) və ya onları təmsil edən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ixtisaslaşmış istehlak kooperativi, idarəedici təşkilatın paylayıcıya yazılı müraciəti əsasında həyata keçiriləcək.
Bu Qanun qüvvəyə mindikdən sonra şəbəkəyə qoşulan və şəbəkə vasitəsilə istilik təchizatı təmin edilən çoxmənzilli yaşayış binalarında ayrı-ayrı mənzillər üzrə təbii qaz ilə qidalanan fərdi istilik sistemlərinin quraşdırılmasına və istismarına yol verilməyəcək.

    Qeyd edək ki, mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin məcburi hala gətirilməsi bu sahədə ciddi dəyişikliyə səbəb olacaq və nəticədə enerji resurslarına qənaət edilməsi, ətraf mühitə atılan emissiyaların azaldılması təmin ediləcək.