Bu ilin yanvar ayında inflyasiya 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,4 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5 %, qeyri-qida məhsulları üzrə 2,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,4 % təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata görə, yanvarda istehlak qiymətləri əvvəlki aya nisbətən 1 % artıb.
2025-ci ilin yanvar ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,6 % artıb.
Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma balıq məhsullarının, uşaq qidası üçün quru süd qarışığının, kərə, günəbaxan və qarğıdalı yağlarının, süfrə marqarininin, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, balqabağın, sarımsağın, soğanın, kartofun, ucuzlaşma isə əsasən makaronun, təzə balığın, yumurtanın, portağalın, bananın, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Yanvar ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 % təşkil etmişdir. Yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma kərpicin, sulu boyaların, pambıq parçaların, çilçıraqların, zərgərlik məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtaların, laminat parketlərin, yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,0 % təşkil edib. Yanvar ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma istilik, elektrik enerjisi, təbii qaz təchizatı və mənzillərin kirayə verilməsi xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.