Azərbaycanda unikal bank əmanətçilərinin sayı 200 minə yaxınlaşıb | Banco.az

Azərbaycanda unikal bank əmanətçilərinin sayı 200 minə yaxınlaşıb

2025-ci ilin yekununda Azərbaycanda təxminən 194 min unikal bank əmanətçisi olub ki, bu da 2024-cü ilin yekunu ilə müqayisədə 81,3 % çoxdur.

Bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib.

"İl ərzində müddətli depozitlərin artımı da sürətlənib. 2024-cü ildə artım 1,8 milyard manat təşkil etdiyi halda, 2025-ci ildə 2,3 milyard manat olub. Bu, bank sektoruna inamın güclənməsi, sektorun əhalini özünə daha çox cəlb etməsinin göstəricisidir", - deyə o qeyd edib.

T.Kazımov Azərbaycanda əmanətlərin sığortalanması faizinin yeni metodologiya ilə müəyyən edilməsinə də münasibət bildirib: "Biz bu yanaşmanı öz təşəbbüsümüzlə, Əmanətlərin Sığortalanması Fondu ilə çox sıx əməkdaşlıq şəraitində həyata keçirmişik. İstəyimiz o idi ki, şəffaf, hamının başa düşdüyü bir qayda formalaşdırılsın. Çünki vaxtilə mənim üçün də həmişə sual idi ki, sığortalanma faizi niyə 12 %-dir? Biz bunu bir qayda formasına saldıq ki, hamı başa düşsün ki, faiz dəyişirsə, niyə dəyişir?"