Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 545,271 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,7 % çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 4,7 % artaraq 225,732 milyon manata çatıb.
Beləliklə, 10 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,4 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 43 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 255,973 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,9 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 772,602 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 24,2 % çoxdur.
10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56 manat olub.
