Bu il sentyabrın 1-nə dövlət şirkətlərinin dövlət zəmanəti ilə təmin edilmiş borcları 10 727,1 milyon manat olub.
Bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Sənədə əsasən, bu, ÜDM-nin 8,3 %-ni təşkil edib.
Qeyd olunan məbləğin 87,6 %-i xarici valyutada (5 milyard 526,5 milyon ABŞ dolları), 12,4 %-i isə milli valyutada (1 332,1 milyon manat) cəlb edilmiş borclara verilmiş dövlət zəmanətləridir.
Azərbaycanın dövlət zəmanəti ilə təmin edilmiş borclarının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 786,7 milyon manat azalıb.
"Azərbaycan adından verilmiş dövlət zəmanətləri əsasən dövlət müəssisələri tərəfindən cəlb edilmiş borclara verilmiş dövlət zəmanətləridir. Uzunmüddətli mitiqasiya tədbiri olaraq Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış "Azərbaycan İnvestisiya Holdinqi" və "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxslərin idarə etməsinə verilmiş portfel şirkətlərin, o cümlədən dövlət zəmanəti ilə borc cəlb etmiş bir sıra dövlət müəssisələrinin idarə olunması sisteminin təkmilləşdirilərək korporativ idarəetmə standartlarının tətbiq edilməsi, gəlir və xərclərinə nəzarətin gücləndirilməsi, risklərin optimallaşdırılması yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində müvafiq addımlar atılır", - deyə sənəddə qeyd olunub.