İqtisadiyyat Nazirliyi və “VISA” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum iqtisadiyyat naziri Mikayıl Cabbarov və “VISA” şirkətinin MDB, Şərqi və Cənub-Şərqi Avropa ölkələri üzrə baş vitse-prezidenti Kristina Doroş ilə görüşü çərçivəsində imzalanıb.
Sənədə əsasən, KOB sektorunun inkişafı, innovativ maliyyə həllərinin təşviqi və inklüziv iqtisadi mühitin formalaşdırılması istiqamətlərində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Anlaşma Memorandumu iqtisadiyyatın rəqəmsallaşması və sahibkarlıq mühitinin dəstəklənməsinə mühüm töhfə verəcək.
Həmçinin görüşdə şirkətlə potensial əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər iqtisadi və maliyyə inklüzivliyinin təşviqi, rəqəmsal ödəniş ekosisteminin inkişafı, həmçinin kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.