Azərbaycan Kredit Bürosu (AKB) 31 avqust – 5 sentyabr 2025-ci il tarixlərində ölkəmizin ev sahibliyi edəcəyi 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) rəsmi tərəfdaşıdır.
“ICPC Foundation”un təşkilatçılığı ilə Bakı şəhərində keçirilən Dünya Finalında 100-dən çox ölkəni təmsil edən 140 komanda iştirak edərək alqoritmik proqramlaşdırma sahəsində öz bilik və bacarıqlarını nümayiş etdirəcək. Qlobal miqyasda ən nüfuzlu tədbirlərdən olan müvafiq platformada dünyanın müxtəlif aparıcı universitetlərini təmsil edən komandalar real problemlərin həlli istiqamətində birgə çalışaraq yaradıcılıq, əməkdaşlıq və innovasiya bacarıqlarını inkişaf etdirirlər.
Tədbirin rəsmi tərəfdaşlarından olan Azərbaycan Kredit Bürosunun bu təşəbbüsə dəstəyi ölkənin gənc proqramçılarının qlobal miqyasda tanınmasına, həmçinin yeni texnoloji imkanların reallaşmasına töhfə verməyi hədəfləyir. Bu əməkdaşlıq AKB-nin ölkəmizdə və beynəlxalq miqyasda süni intellektin, rəqəmsal transformasiyanın və innovasiyanın inkişafına dəstək göstərmək istiqamətində atdığı mühüm addımlardan biridir.
Azərbaycan Kredit Bürosu bu il ICPC 2025-də ölkəmizi təmsil edən ADA Universiteti və Bakı Ali Neft Məktəbinin komandalarına uğurlar arzulayır.
Azərbaycan Kredit Bürosu 2018-ci ildə 8 bankın təsisçiliyi ilə yaradılmışdır və hal-hazırda 270-dən artıq təşkilatla əməkdaşlıq edir. AKB fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. Eyni zamanda, məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında onlara təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin minimallaşdırılmasına xidmət edir.