Azərbaycan indiyədək Suriyaya 366 mln. kubmetr qaz tədarük edib | Banco.az

Azərbaycan indiyədək Suriyaya 366 mln. kubmetr qaz tədarük edib

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrlə Azərbaycanın ticarət dövriyyəsinin ötən il 7,3 milyard dolları ötüb.

Bunu energetika naziri Pərviz Şahbazov bu gün İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Enerji Nazirlərinin 5-ci iclasında çıxışı zamanı bildirib.

    Nazir bildirib ki, 20 milyard dollardan artıq qarşılıqlı investisiya portfelinin 70-80 faizinin enerji sektorunun payına düşüb.

    “Ötən il və bu ilin 11 ayında BTC vasitəsilə 53 milyon tona yaxın Azərbaycan, qazax və türkmən neftinin dünya bazarlarına çıxarıldığı, Türkiyənin 18,7 milyard kubmetr, Avropa ölkələrinin isə Türkiyə vasitəsilə 24,6 milyard kubmetr qazla təchiz olunduğu diqqətə çatdırılıb. “İğdır-Naxçıvan” qaz kəmərinin istismara verilməsi, TPAO-nun “Şəfəq-Asiman” layihəsinə qoşulması, Suriyaya indiyədək 366 milyon kubmetr qaz tədarükü, həmçinin Özbəkistanda axtarış-kəşfiyyat layihəsinə başlanması türk dövlətləri arasında enerji əməkdaşlığının yeni mərhələdə nailiyyətləri kimi dəyərləndirilib”-nazir qeyd edib.

    “Regional layihələr kontekstində Azərbaycanın, o cümlədən Xəzər dənizi və Mərkəzi Asiyanın bərpa olunan enerji potensialını şaxələndirilmiş marşrutlarla Türkiyə və Avropa bazarlarına nəql etməklə bağlı enerji siyasətinin “Türk Yaşıl Baxışı” və “Qəbələ Bəyannaməsi”nin prioritetləri ilə üst-üstə düşdüyü vurğulanıb. “Trans-Xəzər”, “Azərbaycan-Türkiyə-Avropa”, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan”, həmçinin “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi və interkonnektor layihələri enerji vasitəsilə türk dövlətlərinin birliyini möhkəmləndirməyə xidmət edir. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” ölkələrimizin elektrik enerjisi sistemlərinin tarixdə ilk dəfə birləşməsini, Zəngəzur dəhlizi isə bu enerji axınının Türkiyəyə çatdırılmasını təmin etməklə “Mərkəzi Asiya-Azərbaycan-Türkiyə” enerji körpüsünü yaradacaq.” - deyə nazir əlavə edib.