Azərbaycan dərmanları Yaxın Şərq, Körfəz və Afrika ölkələrinə ixrac olunacaq | Banco.az

Azərbaycan dərmanları Yaxın Şərq, Körfəz və Afrika ölkələrinə ixrac olunacaq

Azərbaycan istehsalı olan dərmanların Səudiyyə Ərəbistanı, eləcə də Yaxın Şərq, Körfəz və Afrika ölkələrinə ixracı nəzərdə tutulur.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan–Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasına Azərbaycan tərəfindən həmsədrlik edən İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

Qeyd olunub ki, cari ilin aprel ayında Ər-Riyadda keçirilmiş Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6-cı iclası çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb: "Belə ki, Azərbaycanın “Parla Pharmaceuticals” şirkəti ilə Səudiyyə Ərəbistanının “National Development Group Holding” şirkəti arasında əczaçılıq sahəsində Anlaşma Memorandumu bağlanıb. Sənədə əsasən, Azərbaycan istehsalı olan dərmanların Səudiyyə Ərəbistanı, eləcə də Yaxın Şərq, Körfəz və Afrika ölkələrinə ixracı planlaşdırılır".

Növbəti mərhələdə isə elmi-texnoloji biliklərin transferi və Səudiyyə Ərəbistanında birgə dərman istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur. Hesab edilir ki, Azərbaycanın əczaçılıq sahəsində ixrac potensialının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Bundan əlavə, iclas çərçivəsində Azərbaycanın “ADO-G” və Səudiyyə Ərəbistanının “SMI/BLUE MASAR” şirkətləri arasında dənizçilik infrastrukturu sahəsində əməkdaşlığa dair razılaşma imzalanıb.

KOBİA bu əməkdaşlıqları yerli kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi və beynəlxalq inteqrasiyasının sürətləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirir.

Qeyd edək ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq çərçivəsində 2022-ci il dekabrın 19-da Bakıda iki ölkə hökumətləri arasında Müştərək Komissiyanın 7-ci iclası keçirilib. İclas çərçivəsində KOBİA ilə Səudiyyə Ərəbistanı Palataları Federasiyası arasında Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının yaradılması barədə Saziş imzalanıb.