Avstriya Mərkəzi Bankının rəhbəri dövlət xərclərinin artması səbəbindən ECB-nin faiz dərəcələrini yenidən artıracağını istisna etmir | Banco.az

Avstriya Mərkəzi Bankının rəhbəri dövlət xərclərinin artması səbəbindən ECB-nin faiz dərəcələrini yenidən artıracağını istisna etmir

Müəllif - Fərid İslamov - Banco.az

Avrozonada dövlət xərclərinin artması, Avropa Mərkəzi Bankını (ECB) pul-kredit siyasətini sərtləşdirməyə məcbur edə bilər, – deyə ECB İdarə Heyətinin üzvü və Avstriya Mərkəzi Bankının rəhbəri Robert Holtzman Platow Brief nəşrinə bildirib.

Onun sözlərinə görə, dövlət xərclərinin artırılması “çox güclü fiskal stimullaşdırma” olacaq və bu, adətən, inflyasiyanın sürətlənməsinə gətirib çıxarır.

“Bu halda, çox güman ki, pul-kredit siyasətini yenidən əks istiqamətə yönəltmək lazım gələcək,” – deyə Holtzman əlavə edib.

6 mart tarixində ECB üç əsas faiz dərəcəsini 25 baza bəndi azaltmışdır. Bir il ərzində faiz dərəcələri ümumilikdə 225 baza bəndi azaldılmışdır. Növbəti iclas 17 aprel tarixində keçiriləcək.

Holtzman, keçən iclasda səsvermədən çəkinən yeganə ECB rəhbərliyi üzvü olub. O həmçinin, aprel ayında pul-kredit siyasətinin yumşaldılmasında fasilə vermək ideyasını dəstəklədiyini qeyd edib.

Platow Brief-ə verdiyi müsahibədə o, əsasən, iclasın yekunlarına dair press-relizdə olan ifadə səbəbindən səsvermədən çəkinməsini açıqlayıb. Həmin press-relizdə deyilirdi ki, “Pul-kredit siyasəti əhəmiyyətli dərəcədə daha az məhdudlaşdırıcı olub.”

“Bu o deməkdir ki, əgər biz vəziyyəti dəyişmək və siyasəti tamamilə məhdudlaşdırıcı etməmək istəyiriksə, faiz dərəcələrini endirməyə davam etməliyik. Lakin mənim qiymətləndirməmə görə, siyasət artıq neytraldır,” – deyə Holtzman vurğulayıb.