Müəllif: Tamara Mustafayeva, Banco.az
“Avropa Statistika İdarəsi” (“Avrostat”) Aİ və Avrozonanın iyul ayına dair beynəlxalq ticarət göstəricilərini açıqlayıb.
Banco.az xəbər verir ki, buna görə, Aİ-nin ixracı iyul ayında ötən ilin eyni ayına nisbətən 0,5% azalaraq 227,7 milyard avro, idxalı isə 1,2% artaraq 215,6 milyard avro olub. Beləliklə, Aİ iyul ayında 12,1 milyard avro ticarət profisiti əldə edib.
Avrozonada isə iyul ayında ixrac 2024-cü ilin eyni ayına görə 0,4% artaraq 251,5 milyard avroya çatıb. İdxal da 3,1% yüksələrək 239,1 milyard avro təşkil edib. Bununla da Avrozonanın ticarət profisiti iyul ayında 12,4 milyard avro olub.
Avrozonada enerji idxalı 3 ayın zirvəsində
“Avrostat”ın açıqladığı məlumatlara görə, yeddi fərqli məhsul qrupu mövcuddur: qida məhsulları, enerji, kimyəvi maddələr, maşın və nəqliyyat vasitələri, xammallar, emal olunmuş məhsullar və digər məhsullar.
Məlumatlara əsasən, Avrozonada xarici ticarət profisiti olan məhsul qrupları belədir: 2,1 milyard avro ilə qida məhsulları, 17,4 milyard avro ilə kimyəvi maddələr və 18,5 milyard avro ilə maşın və nəqliyyat vasitələri. Bu yaxşılaşma əsasən kimyəvi maddələr və maşın-nəqliyyat vasitələrinin müsbət nəticələrindən qaynaqlanıb.
Enerji məhsullarında xarici ticarət kəsiri isə 22,4 milyard avro ilə son üç ayın ən yüksək səviyyəsinə çatıb.
Digər tərəfdən, Aİ ölkələrinin Rusiyadan neft idxalı iyul ayında 331,1 milyon avroya enib, Avrozonada isə bu rəqəm 161,6 milyon avro olub. Avrozonanın Rusiyadan neft idxalı 2024-cü ilin iyulundan bəri ən aşağı səviyyəyə düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!