Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropada hibrid avtomobillərin satışı benzin modellərini üstələyib.
Banco.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) sentyabr ayı üzrə Avropa İttifaqı (Aİ) ölkələrinin yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb.
Məlumatlara görə, Aİ ölkələrində yeni avtomobil satışları ötən ay 2023-cü ilin eyni ayına görə 6,1 faiz azalaraq 809 min 163 ədədə düşüb.
İttifaqa üzv ölkələrdə satılan yeni avtomobillərin 32,8 faizi hibrid, 29,8 faizi benzin, 17,3 faizi elektrik, 10,4 faizi dizel, 6,8 faizi plug-in hibrid, 2,9 faizi isə digər yanacaq növlərindən avtomobillər olub.
Beləliklə, sentyabrda satılan yeni avtomobillərdə hibridlərin payı ilk dəfə olaraq benzin modellərini üstələyib. Bundan əlavə, tam elektrik, hibrid və plug-in hibrid modellərin ümumi satışdakı payı 56,9 faizə çatıb.
Elektrik avtomobillərinin satışı sentyabr ayında 2023-cü ilin eyni dövrünə görə 9,8 faiz artaraq 139 min 702 ədədə çatıb. Elektromobil satışları bu ilin yanvar-sentyabr dövründə isə ötən ilin eyni dövrünə görə 5,8 faiz azalaraq 1 milyon 47 min 869 ədədə geriləyib.
Ötən ilin eyni dövrü ilə müqayisədə sentyabrda yeni avtomobil satışı Almaniyada 7 faiz, Fransada 11,1 faiz, İtaliyada isə 10,7 faiz azalıb.
İstehsalçıların məlumatına görə, “Volkswagen” Qrupu 216 min 577 avtomobillə sentyabr ayında Aİ-də ən çox yeni avtomobil satışı həyata keçirib.
Bizi sosial şəbəkələrdən izləyin!!