Müəllif - Eldar Kərimov/Banco.az
Avropa İttifaqı (Aİ) süni intellektə (Sİ) investisiya məqsədilə 200 milyard avro səfərbər edəcəyini açıqlayıb. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Parisdə keçirilən süni intellekt sammitində çıxış edərək, Aİ-nin bu sahədə ABŞ və Çinlə rəqabət qabiliyyətini artırmaq istədiyini bildirib.
İnvestisiyalar InvestAI proqramı çərçivəsində həyata keçiriləcək. Bu proqram çərçivəsində, həmçinin 20 milyard avroluq fond yaradılacaq ki, bu vəsait süni intellektin inkişafı üçün güclü çiplərlə təchiz olunmuş İİ-giqafabriklərinin inşasına yönəldiləcək.
Aİ proqram çərçivəsində 50 milyard avro ayıracaq, daha 150 milyard avro isə investorlardan və sənaye nümayəndələrindən cəlb ediləcək.
Fon der Lyayen bunu "etibar edilə bilən süni intellektin inkişafı üzrə dünyanın ən böyük dövlət-özəl tərəfdaşlığı" adlandırıb, - CNBC xəbər verir.
"Biz Avropanın süni intellekt sahəsində aparıcı qitələrdən biri olmasını istəyirik və bu, süni intellektin həyatın bütün sahələrinə inteqrasiyasını tələb edir", - deyə o qeyd edib.
Onun fikrincə, Avropa sənaye sahələrində süni intellektin tətbiqi və onun məhsuldarlığı artırmaq potensialının reallaşdırılması üzrə lider ola bilər.
Aİ hər bir innovativ Avropa şirkətinin lazımi hesablama resurslarına çıxışını təmin etməyi və Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) uğurunu təkrarlamağı hədəfləyir, - fon der Lyayen vurğulayıb.
Fransa prezidenti Emmanuel Makron 9 fevralda bildirib ki, ölkə süni intellektlə bağlı layihələr üçün qarşıdakı illərdə 100 milyard avrodan çox investisiya cəlb edib.
Makronun sözlərinə görə, ümumilikdə, yerli və xarici şirkətlərin qarşıdakı illər üçün planlaşdırılan investisiya həcmi 109 milyard avroya çatır.
Bundan əlavə, yanvar ayında məlum olub ki, ABŞ-ın OpenAI (ChatGPT-nin inkişaf etdiricisi), Oracle, Yaponiyanın SoftBank şirkətləri və BƏƏ-nin dövlət investisiya şirkəti MGX süni intellekt üçün ABŞ-da data mərkəzlərinin inşası məqsədilə Stargate adlı birgə müəssisə yaradır. Bu şirkətlər ilkin olaraq 100 milyard dollar sərmayə yatırır və növbəti dörd il ərzində 500 milyard dollar investisiya yatırmağı planlaşdırır.