Avropa İttifaqı Rusiyanı "qara siyahıya" salıb | Banco.az

Avropa İttifaqı Rusiyanı "qara siyahıya" salıb

Müəllif:Mehin Qasımova,Banco.az

Avropa İttifaqı (Aİ) Komissiyası Rusiyanı çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə çərçivəsində strateji çatışmazlıqlara görə yüksək riskli ölkə kimi təsnif edib.

Banco.az xəbər verir ki, bu qərarla Rusiya  "qara siyahıya" daxil edilib.

Komissiyanın açıqlamasında bildirilib ki, qərar ictimai mənbələr, Aİ üzv ölkələrinin səlahiyyətli qurumları və Avropa Xarici Fəaliyyət Xidmətindən (EEAS) toplanan məlumatların birləşdirildiyi texniki qiymətləndirməyə əsaslanır. Bu qiymətləndirmə nəticəsində Rusiyanın yüksək riskli üçüncü ölkə tələblərinə tam cavab verdiyi müəyyən olunub.

Məlumata görə, "qara siyahıya" salınma ilə birlikdə Aİ-nin maliyyə qurumlarına Rusiya ilə əlaqəli bütün əməliyyatlarda daha ciddi nəzarət tətbiq etmək, müştərilərin yoxlanılması və əməliyyatların monitorinqi üzrə “gücləndirilmiş diqqətlilik” tədbirlərinə riayət etmək tapşırılır.

Bu qərar Aİ-nin maliyyə cinayətləri ilə mübarizəni gücləndirmə strategiyasının növbəti mərhələsi kimi qiymətləndirilir. Analitiklərə görə, addım Rusiyanın Avropa maliyyə bazarlarına çıxışını daha da çətinləşdirəcək.