“Avatar 3”ün gəlirləri gözləntiləri doğrultmadı | Banco.az

“Avatar 3”ün gəlirləri gözləntiləri doğrultmadı

Müəllif:Mehin Qasımova,Banco.az

Kino dünyasının diqqəti Ceyms Kameronun Pandora kainatının üçüncü filmi olan “Avatar: Od və Kül” üzərində cəmlənib.

Banco.az xəbər verir ki, Disney-in bazar günü açıqladığı məlumata görə, film Şimali Amerika kassalarında açılış həftəsonu ərzində 88 milyon dollar gəlir əldə edərək həftənin ən çox gəlir gətirən filmi olub.

Film Boxoffice Pro kimi sənaye analitiklərinin 100–120 milyon dollar aralığında olan proqnozlarını doğrultmayıb. Bununla belə, nəticə Disney-in özünün müəyyən etdiyi 90 milyon dollarlıq hədəfə olduqca yaxın olub.

“Avatar” seriyasının əvvəlki filmləri ilə müqayisədə fərqli dinamika müşahidə olunur. Belə ki, 2009-cu ildə nümayiş olunan ilk “Avatar” filmi açılış həftəsonunda 77 milyon dollar, 2022-ci ildə ekranlara çıxan “Avatar: Suyun Yolu” isə 134,1 milyon dollar gəlir əldə etmişdi.

Sənaye təmsilçiləri vurğulayırlar ki, “Avatar” filmlərinin əsas gücü açılış həftəsonu rəqəmlərində deyil, uzunmüddətli nümayiş zamanı kassada göstərdiyi davamlı yüksək performansda özünü göstərir. Vizual baxımdan heyranedici 3D texnologiya, eləcə də filmin dekabr ayında — məktəblilərin tətil dövrünə təsadüf edən vaxtda nümayişə çıxması qarşıdakı həftələrdə də yüksək marağın qorunacağını deməyə əsas verir.

Qeyd edək ki, seriyanın ilk iki filmi birlikdə 2 milyard dollardan artıq gəlir əldə edərək dünya kinematoqrafiya tarixinin ən çox gəlir gətirən üç filmi sırasında yer alıb.