Müəllif:Mehin Qasımova,Banco.az
Süni intellekt sahəsində fəaliyyət göstərən "Anthropic" investorların güclü marağı fonunda yeni maliyyələşdirmə raundu üzrə hədəfini 20 milyard dollara yüksəldib.
Banco.az xəbər verir ki, raund yekunlaşdıqdan sonra şirkətin bazar dəyərinin 350 milyard dollara çatacağı gözlənilir.
Məlumata görə, investor tələbinin artması Anthropic-ə ilkin planlaşdırılan maliyyələşdirmə məbləğini ikiqat artırmağa imkan verib.
Maliyyələşdirmənin əsas hissəsinin isə şirkətin strateji tərəfdaşları olan "Nvidia" və "Microsoft" tərəfindən təmin ediləcəyi bildirilir.
Qeyd edək ki, Anthropic cəmi beş ay əvvəl 13 milyard dollarlıq səhm maliyyələşdirməsi cəlb etmişdi. Şirkətin bu qədər qısa müddətdə yenidən iri həcmdə vəsait toplaması investorların süni intellekt sektoruna marağının davam etdiyini göstərir.
"Anthropic" son dövrlərdə xüsusilə kodlaşdırma agentlərinin tətbiqi ilə diqqət çəkir. Proqram təminatı mühəndisləri bu alətlərin kodlaşdırma səmərəliliyini əhəmiyyətli dərəcədə artırdığını bildirirlər. Şirkətin biznes üçün süni intellekt həllərinə fokuslanması, idarəetmə strukturunun sabitliyi və tərtibatçılar arasında populyarlıq qazanan "Claude Code" aləti investor marağını gücləndirən əsas amillər kimi göstərilir.
