"Anthropic" bioloji silahların hazırlanmasında süni intellektdən istifadə cəhdlərini aşkar edib | Banco.az

"Anthropic" bioloji silahların hazırlanmasında süni intellektdən istifadə cəhdlərini aşkar edib

Müəllif:Mehin Qasımova,Banco.az

Süni intellekt şirkəti "Anthropic" öz modellərindən bioloji silahların hazırlanmasını dəstəkləyə biləcək məqsədlərlə istifadə edilməsi hallarını müəyyən etdiyini açıqlayıb.

Banco.az xəbər verir ki, şirkət süni intellekt texnologiyalarından sui-istifadənin aşkarlanması və qarşısının alınması ilə bağlı yeni hesabat dərc edib.

Hesabatda qeyd olunur ki, süni intellekt modellərinin yaratdığı ən ciddi risklərdən biri “bioloji sui-istifadə”dir. Şirkət bildirir ki, süni intellektin mövcud patogenlərin daha təhlükəli hala gətirilməsi və ya yeni patogenlərin yaradılması kimi məqsədlər üçün istifadə oluna biləcək səviyyəyə çatması ilə bağlı narahatlıqlar uzun müddətdir mövcuddur.

"Anthropic" hesabatda öz süni intellekt modellərindən bioloji silahların hazırlanmasına dəstək verə biləcək şəkildə istifadə etməyə çalışan şəxslərlə bağlı bir sıra hallara da yer verib.

Məlumata görə, müəyyən edilən hallardan birində bir tədqiqatçı süni intellekt köməkçisi Claude-dan quş qripinin məməlilərə uyğunlaşması ilə bağlı təcrübələrin planlaşdırılması məqsədilə istifadə etməyə çalışıb.

Digər bir halda isə dövlət tərəfindən maliyyələşdirilən tədqiqatçının kompüter proqramlarından istifadə etməklə toksinlərin yenidən dizaynı ilə bağlı fəaliyyət göstərdiyi bildirilib.

Şirkət bu cür fəaliyyətlərin aşkar edilməsindən sonra müvafiq istifadəçi hesablarının bloklandığını açıqlayıb. "Anthropic" gələcəkdə oxşar sui-istifadə hallarının daha effektiv şəkildə müəyyən edilərək qarşısının alınması üçün əlavə təhlükəsizlik tədbirlərinin görüldüyünü də bildirib.

Hesabatda vurğulanır ki,  bununla əlaqədar zəruri ehtiyat tədbirləri görülüb.

"Anthropic" bildirib ki, bu halların ictimaiyyətlə paylaşılmasında əsas məqsəd süni intellekt sənayesində yaranan bioloji risklərlə bağlı müzakirələri genişləndirmək və bu risklərlə mübarizənin daha effektiv yollarını müəyyən etməkdir.

Qeyd edək ki, son günlər Anthropic-in əməkdaşlarından biri olan Ceykob Koksonun şirkətdən istefa verməsi də diqqət çəkib. O, süni intellekt sistemlərinin gələcəkdə “real güc və resurslar əldə edə bilən fövqəlbəşəri sistemlərə” çevrilə biləcəyi ilə bağlı narahatlığını ifadə edib.