American Airlines Delta-nın ardınca I rüb üzrə proqnozlarını pisləşdirdi | Banco.az

American Airlines Delta-nın ardınca I rüb üzrə proqnozlarını pisləşdirdi

Müəllif - Fərid İslamov - Banco.az

 American Airlines Group 2025-ci ilin birinci rübü üzrə proqnozlarını, öz təyyarəsinin yanvar ayında baş verən qəzası və ABŞ-da aviasiya daşımalarına tələbatın ümumilikdə azalması ilə əlaqədar olaraq pisləşdirdi.

“Şirkətin 23 yanvarda birinci rüb üzrə proqnozunu açıqladığı vaxtdan bəri, gəlir gözləntiləri qəzaya və mart ayında xüsusilə nəzərə çarpan daxili turizm daşımaları seqmentindəki azalmalara görə pisləşib”, – deyə aviaşirkətin açıqlamasında bildirilib.

Yeni proqnoza görə, American Airlines hazırkı rübdə hər səhm üçün düzəldilmiş zərərinin $0,6-0,8 arasında olacağını, gəlirin isə ötən ilin birinci rübü səviyyəsində qalacağını gözləyir.

Yanvarda aviaşirkət birdəfəlik amillər nəzərə alınmadan hər səhm üçün $0,2-0,4 arasında zərər və gəlirin 3-5% artacağını proqnozlaşdırırdı.

Yanvarın sonunda American Airlines sərnişin təyyarəsi Vaşinqton yaxınlığında Reyqan Milli Aeroportu ətrafında ABŞ Ordusunun Black Hawk helikopteri ilə toqquşmuşdu.

Qısa müddət əvvəl başqa bir Amerika aviaşirkəti – Delta Air Lines Inc. də ABŞ-da daxili tələbatın azalmasına işarə edərək birinci rüb üzrə proqnozlarını pisləşdirmişdi.

2025-ci ilin əvvəlindən American Airlinesın bazar kapitallaşması 29% azalıb.