Almaniya iqtisadiyyatı üçüncü rübdə daralıb | Banco.az

Almaniya iqtisadiyyatı üçüncü rübdə daralıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya iqtisadiyyatı ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 0,1 faiz kiçilib.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) ölkə iqtisadiyyatının ilin üçüncü rübü üçün yekun artım məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, Almaniyada mövsüm və təqvim təsirlərindən kənarlaşdırılmış ümumi daxili məhsul (ÜDM) ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 0,1 faiz kiçilib. Beləliklə, Destatis oktyabrın 30-da ilkin məlumatlarla elan etdiyi 0,1 faizlik daralmanı təsdiqləyib.

Xatırladaq ki, Avropanın ən böyük və dünyanın isə 4-cü iqtisadiyyatı olan Almaniya iqtisadiyyatı ilin birinci rübündə artım göstərə bilməsə də, ikinci rübdə 0,1 faiz böyümüşdü.

Ölkənin ÜDM-i ötən ilin üçüncü rübü ilə müqayisədə də 0,4 faiz azalıb. 

Rüblük əsasda nəzərə alındıqda, xüsusilə ev təsərrüfatlarının istehlak xərcləri ÜDM-ə mənfi təsir göstərib. Üçüncü rübdə özəl xərclər əvvəlki rüblə müqayisədə 0,3 faiz azalıb, dövlət xərcləri isə 0,2 faiz artıb.

Qeyd edək ki, Almaniya Mərkəzi Bankı (Bundesbank) zəif xarici tələb və ötən ilki enerji qiymətləri şokunun nəticələrinin istehsalı yavaşlatması səbəbindən ölkə iqtisadiyyatının 4-cü rübdə daralacağını gözləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram