Müəllif: Tamara Mustafayeva, Banco.az
Aİ dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Ukraynaya verəcək.
Banco.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ mənşəli “X” şirkətinin sosial media platformasındakı hesabında etdiyi paylaşımda Ukraynaya maliyyə dəstəyi göstəriləcəyini açıqlayıb.
Fon der Leyen bildirib: “Avropa İttifaqı dondurulmuş Rusiya aktivlərindən əldə olunan 1,4 milyard avro həcmində gəliri Ukraynaya göndərəcək”. O qeyd edib ki, bu vəsait Ukrayna dövlətinin fəaliyyətinin davam etdirilməsi üçün istifadə olunacaq.
Fon der Leyen vurğulayıb ki, sözügedən maliyyə vəsaiti hesabına Ukraynada dövlət xidmətlərinin davamlılığı təmin ediləcək və Ukrayna ordusuna dəstək göstəriləcək.
Avropa Komissiyasının məsələ ilə bağlı açıqlamasında bildirilib ki, İttifaq Rusiyanın Mərkəzi Bankına məxsus və Avropa İttifaqının sanksiyaları çərçivəsində dondurulmuş aktivlərin pul qalıqlarından hesablanan faizlərdən əldə olunan 1,4 milyard avro gəliri qəbul edib.
Açıqlamada qeyd olunub ki, bu məbləğ 2025-ci ilin ikinci yarısında toplanmış gəlirləri əhatə edir. Həmçinin xatırladılıb ki, pul qalıqlarından yaranan faiz gəlirləri Rusiyaya məxsus hesab edilmir.
Bizi sosial şəbəkələrdən izləyin!!
