Aİ Azərbaycan və Ermənistan layihələrinə sərmayə qoymağa hazırdır | Banco.az

Aİ Azərbaycan və Ermənistan layihələrinə sərmayə qoymağa hazırdır

Avropa İttifaqı Vaşinqtonda Azərbaycan və Ermənistanın sülh yolu ilə nizamlanmasına dair qəbul edilmiş bəyannaməni alqışlayır və “insanları bir-birinə daha da yaxınlaşdırmaq naminə” regionda nəqliyyat layihələrinə sərmayə qoymağa hazır olduğunu bildirir.

Banco.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa İttifaqı Şurasının prezidenti Antonio Kostanın birgə bəyanatında deyilir.

"Avropa İttifaqı Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ABŞ prezidenti Donald Trampın təşkil etdiyi görüşü alqışlayır. O, həmçinin Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanma və dövlətlərarası münasibətlərin qurulması haqqında bəyannaməni alqışlayır", - sənəddə deyilir.

Məlumata görə, Aİ regiondakı nəqliyyat layihələrinə investisiya qoymağa və onun tam açılmasını təşviq etməyə hazırdır. 

Əliyev və Paşinyan cümə günü Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra birgə bəyannamə imzalayıblar. Bəyannamədə qeyd olunur ki, tərəflər Azərbaycan və Ermənistan arasında sülhün yaradılması və münasibətlərin bərpası haqqında sazişin əvvəllər razılaşdırılmış mətnini paraflayıb, həmçinin onun yekun ratifikasiyası üçün səy göstərəcəklər.