Aİ avronun qlobal rolunu gücləndirməyi hədəfləyir | Banco.az

Aİ avronun qlobal rolunu gücləndirməyi hədəfləyir

Müəllif:Mehin Qasımova,Banco.az

Avropa İttifaqının (Aİ) iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis Brüsseldə keçirilən Aİ üzv ölkələrinin maliyyə nazirlərinin avro valyutasından istifadə edən Avroqrup görüşünün ardından mətbuata açıqlamalar verib.

Banco.az xəbər verir ki, Dombrovskis  avronun beynəlxalq rolunun gücləndirilməsi səyləri ilə bağlı konstruktiv ilkin görüş keçirdiklərini bildirib və əlavə edib ki, getdikcə daha da mürəkkəbləşən geosiyasi mühit bu sahədə fəaliyyət üçün yeni təkan yaradıb.

Dombrovskis bildirib ki, avronun beynəlxalq rolunun artırılması risklərin azaldılması strategiyamızın əsas təməl daşıdır və iqtisadi və maliyyə sabitliyinə və təhlükəsizliyinə töhfə verə bilər:

"Bu, həmçinin borclanma xərclərini azaltmaqla və Aİ idxalçılarını və ixracatçılarını valyuta məzənnəsinin dəyişkənliyindən qorumaqla Birliyin rəqabət qabiliyyətini artıra bilər".

Dombrovskis maliyyə nazirlərinə avronun qlobal rolu ilə bağlı mümkün tədbirlərin geniş siyahısını təqdim etdiyini bildirib və avronun dünya miqyasında cəlbediciliyinin ilk növbədə Avropa iqtisadiyyatının gücü və dayanıqlığı ilə müəyyən ediləcəyini vurğulayıb.

O bildirib ki, Aİ Əmanət və İnvestisiya Birliyini tətbiq etməli, rəqəmsal avro təklifini tamamlamalı, ticarət şəbəkələrini şaxələndirməli və müdafiə qabiliyyətlərini artırmalıdır.