Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ administrasiyası yanvar ayının əvvəlində keçirilən hərbi əməliyyatlardan və Venesuela Prezidenti Nikolas Maduronun həbsindən sonra bu ölkədən əldə edilən neftin ilk satışını həyata keçirdiyini açıqlayıb. Satışın həcmi 500 milyon dollar təşkil edib.
Banco.az xəbər verir ki, Ağ Ev rəsmilərinin bildirdiyinə görə, yeni neft satışlarının yaxın günlərdə və həftələrdə davam etdirilməsi planlaşdırılır. Satışlardan əldə edilən vəsait ABŞ hökumətinin nəzarətində olan və “neytral zona” kimi təqdim edilən Qətərdəki bank hesablarında saxlanılır.
ABŞ Prezidenti Donald Tramp ötən cümə günü açıqlamasında Amerika neft şirkətlərinin Venesuelanın dağılmış enerji infrastrukturunun bərpası üçün azı 100 milyard dollar sərmayə yatıracağını bəyan edib. Trampın sözlərinə görə, bu addım ABŞ-da enerji qiymətlərinin aşağı salınmasına və Venesuelada neft hasilatının 18 ay ərzində 50 faiz artırılmasına xidmət edəcək.
Ağ Evin sözçüsü Teylor Rocers bildirib ki, Tramp administrasiyası Venesuelanın neft infrastrukturunun bərpası üçün “görünməmiş investisiyalar” qoymağa hazır olan şirkətlərlə danışıqları davam etdirir.
Bununla belə, sənaye nəhəngləri hökumətin nikbin açıqlamalarına ehtiyatla yanaşırlar. Reuters agentliyinin məlumatına görə, Venesuela xam nefti hazırda bazarda Kanada kimi rəqib istehsalçıların məhsulları ilə müqayisədə endirimli qiymətlərlə təklif olunur.
Qeyd olunur ki, əldə edilən gəlirin bir hissəsi Venesuelanın səhiyyə sisteminin təkmilləşdirilməsinə yönəldiləcək. Lakin bu vəsaitin xərclənməsi tam şəkildə ABŞ hökumətinin nəzarətində olacaq.
