ABŞ Konqresinin Nümayəndələr Palatası 901 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib | Banco.az

ABŞ Konqresinin Nümayəndələr Palatası 901 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Nümayəndələr Palatası 901 milyard dollarlıq 2026-cı il Müdafiə Büdcəsini (NDAA) təsdiqləyib və sənəd Senata göndərilib.

Banco.az xəbər verir ki, səsvermədə qanun layihəsinin lehinə 312, əleyhinə isə 112 səs verilib. 3086 səhifəlik müdafiə büdcəsi Senatda da təsdiq olunacağı halda imzalanmaq üçün Prezident Trampın masasına təqdim ediləcək. Trampın sənədi qısa müddətdə imzalayacağı gözlənilir.

NDAA-nın əsas diqqət çəkən hissələri ABŞ-ın Rusiya və Çinlə strateji rəqabətini gücləndirməyə yönəlib.

Ukraynaya 400 milyon dollar müdafiə yardımı ayrılır. Bu vəsait Ukrayna ordusunun silahlandırılması və ABŞ şirkətlərinə ödənişləri əhatə edir.

Pentaqonun Avropadakı ABŞ hərbçilərinin sayını 76 min nəfərdən aşağı endirməsinə qadağa qoyulur.

ABŞ vətəndaşları və şirkətləri Çinlə həssas texnologiyalar üzrə əməkdaşlıqları barədə Xəzinədarlıq Departamentini məlumatlandırmağa məcbur ediləcək.