ABŞ-ın Kanada və Meksikaya qarşı gömrük rüsumlarından ən çox GM, Honda, Nissan və Stellantis zərər görəcək | Banco.az

ABŞ-ın Kanada və Meksikaya qarşı gömrük rüsumlarından ən çox GM, Honda, Nissan və Stellantis zərər görəcək

Müəllif - Eldar Kərimov/Banco.az

Əgər ABŞ-ın Meksika və Kanadadan idxala tətbiq edəcəyi yeni gömrük rüsumları qüvvəyə minərsə, bu, beynəlxalq avtomobil istehsalçılarının kredit göstəricilərinə təzyiq göstərə bilər. Bu barədə beynəlxalq reytinq agentliyi Fitch Ratings analitikləri bildirirlər.

Onların fikrincə, yapon avtomobil istehsalçıları Honda və Nissan, ABŞ-ın General Motors-u və Avropanın Stellantis şirkəti tətbiq ediləcək rüsumların mənfi təsirlərinə ən çox məruz qalacaq. Bunun əsas səbəbi isə bu markaların Meksika və Kanadada istehsal olunan avtomobilləri ABŞ bazarına böyük həcmdə idxal etməsidir.

Buna baxmayaraq, avtomobil istehsalçıları mümkün nəticələrin təsirini azaltmaq üçün müxtəlif tədbirlər görməyə hazırlaşırlar.

ABŞ, 1 fevralda Meksika və Kanadadan idxal edilən məhsulların əksəriyyətinə 25%-lik, Çindən gətirilən mallara isə 10%-lik rüsum tətbiq edəcəyini elan etdi. Bu tədbirlərin qüvvəyə minməsinə bir gün qalmış Meksika və Kanada ilə rüsumlarla bağlı danışıqlar aparmaq üçün bu qərar bir aylıq təxirə salınıb. Danışıqlarda miqrasiya, sərhəd təhlükəsizliyi və ticarət məsələləri müzakirə olunur.

Meksikadan idxal edilən məhsullara potensial 25%-lik rüsum qlobal avtomobil istehsalçıları üçün xüsusilə böyük təsir göstərə bilər, çünki bu ölkədə istehsal olunan nəqliyyat vasitələrinin ABŞ-a ixracı çox yüksəkdir. Bunun əksinə olaraq, Çinə qarşı əlavə rüsumların avtomobil sənayesinə təsirinin az olacağı bildirilir, çünki son illərdə Çin bu sektorda tədarük zəncirlərindən qismən ayrılıb.

Fitch-in məlumatına görə, GM 2024-cü ildə avtomobillərinin təxminən 18%-ni Meksikada istehsal edib ki, bu da avtomobil istehsalçıları arasında ən yüksək göstəricidir. Toyota və Honda isə ən çox Kanadada istehsal edir – müvafiq olaraq 12% və 9%.