Müəllif - Eldar Kərimov/Banco.az
ABŞ-ın dövlət büdcə kəsiri yanvar ayında 128,64 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə çoxdur (21,93 milyard dollar). Bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Ötən ay büdcə gəlirləri 7,5% artaraq 513,294 milyard dollara (əvvəlki ilin yanvarında 477,32 milyard dollar) çatıb.
Eyni zamanda, xərclər 28,6% artaraq 641,935 milyard dollara yüksəlib (ötən il 499,25 milyard dollar). Bu artımın səbəblərindən biri də bəzi ödənişlərin fevralın 1-nə təsadüf etməsi və həmin günün istirahət günü olması səbəbindən yanvara köçürülməsidir.
2025-ci maliyyə ilinin ilk dörd ayında (1 oktyabrda başlayıb) ABŞ-ın büdcə kəsiri rekord həddə - 839,585 milyard dollara çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 58% artım deməkdir.
Gəlirlər cəmi 0,7% artaraq 1,596 trilyon dollar olub. Xərclər isə 15,1% artaraq 2,436 trilyon dollara yüksəlib. Hər iki göstərici tarixi maksimuma çatıb.
Dövlət borcuna xidmət etmək üçün faiz ödənişləri 10% artaraq 392 milyard dollara, hərbi xərclər 13% artaraq 318 milyard dollara, sosial xərclər isə 8% artaraq 529 milyard dollara çatıb.
Təqvim faktorunu nəzərə aldıqda, yanvar ayı üçün büdcə kəsiri ötən ilin səviyyəsində qalıb, lakin maliyyə ilinin əvvəlindən etibarən 25% artım qeydə alınıb.
Qeyd edək ki, 2024-cü maliyyə ilinin yekununda (30 sentyabrda başa çatıb) ABŞ-ın büdcə kəsiri 1,83 trilyon dollar olub ki, bu da 8% artım deməkdir.
Ölkənin tarixində ən yüksək büdcə kəsiri 2020-ci maliyyə ilində 3,1 trilyon dollar səviyyəsində qeydə alınıb. Sonuncu dəfə ABŞ büdcəsi 2001-ci maliyyə ilində profisitlə bağlanıb.