ABŞ-da pərakəndə satışlar proqnozları üstələyib | Banco.az

ABŞ-da pərakəndə satışlar proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İyun ayında ABŞ-da pərakəndə satışlar gözləniləndən çox olmaqla 0,6 faiz artıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi iyun ayına dair pərakəndə satış göstəricilərini açıqlayıb.

Buna əsasən, pərakəndə satışların həcmi ötən ay əvvəlki ayla müqayisədə 0,6 faiz artaraq 720,1 milyard dollar təşkil edib. Bazar gözləntiləri pərakəndə satışların cəmi 0,1 faiz artacağı yönündə idi.

Gözləntilərdən daha çox artım qeydə alınan pərakəndə satışlar, may ayında 0,9 faiz azalmışdı.

Pərakəndə satışlar iyun ayında illik müqayisədə də 3,9 faiz artıb.

İyun ayında aylıq əsasda ən yüksək satış artımı müxtəlif mağaza pərakəndəçiləri ilə motorlu nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin satıldığı dilerlərdə müşahidə olunub.

Tikinti materialları və bağ avadanlıqlarının satıldığı mağazalar, ərzaq və içki mağazaları, sağlamlıq və şəxsi qulluq mağazaları, geyim mağazaları, eləcə də ərzaq və içki xidməti göstərən məkanlarda da satış artımı qeydə alınıb.

Yanacaqdoldurma məntəqələrində satışlarda dəyişiklik müşahidə olunmayıb, lakin elektronika və mebel mağazalarındakı satışlarda azalma qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram