ABŞ-Çin danışıqları bu həftə başlayacaq | Banco.az

ABŞ-Çin danışıqları bu həftə başlayacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ və Çin rəsmiləri tarif danışıqları üçün İsveçrədə görüşəcək.

Banco.az xəbər verir ki, ABŞ və Çin, iki ölkə arasında qarşılıqlı tarif artımları ilə gərginləşən ticarət mübahisəsinin həlli üçün danışıqlara başlamaq barədə razılığa gəliblər.

ABŞ Maliyyə Naziri Skott Bessent və Ticarət Nümayəndəsi Ceymison Qrirdən bu həftə İsveçrədə Çin rəsmiləri ilə görüşəcəkləri barədə məlumat yayıldıqdan sonra, Çin tərəfi də İqtisadi Əlaqələrə Cavabdeh Baş nazirin müavini Xı Lifının ABŞ rəsmiləri ilə görüşəcəyini təsdiqləyib.

Çin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, Baş nazirin müavini Xı 9–12 may tarixlərində İsveçrəyə səfər edəcək və orada bir sıra görüşlər keçirəcək.

Açıqlamada, Çin-ABŞ iqtisadi və ticarət əlaqələrinə cavabdeh əsas şəxs olan Baş nazirin müavini Xının ABŞ-ın bu sahədə əsas məsul şəxsi olan Maliyyə naziri Bessent ilə görüşəcəyi qeyd olunub.

Çin Ticarət Nazirliyindən verilən açıqlamada da Xının danışıqlarda Çin tərəfinə rəhbərlik edəcəyi vurğulanıb.

Bu danışıqlar iki ölkə arasında aprel ayında baş verən qarşılıqlı tarif gərginliyindən sonra bu mövzuda keçiriləcək ilk müzakirə olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram