Müəllif:Mehin Qasımova,Banco.az
Dünyada ən çox uçuş gecikməsinə səbəb olan aviaşirkətlər açıqlanıb.
Banco.az xəbər verir ki, uçuşları izləyən Flighty tətbiqi istifadəçi məlumatları əsasında hazırladığı 2025-ci il Qlobal Pasport Hesabatında il ərzində ən çox gecikmə yaradan aviaşirkətləri müəyyənləşdirib. Hesabata görə, sərnişinlər 2025-ci ildə uçuş gecikmələri səbəbindən ümumilikdə 3,9 milyon saat vaxt itiriblər.
Məlumata əsasən, uçuş həvəskarları il ərzində 22 milyondan çox uçuş həyata keçirib və 78 milyon saatdan artıq havada olublar. Flighty tətbiqi uçuş cədvəllərini, əvvəlki reysləri və aviaşirkətlərin keçmiş performansını real vaxtda təhlil edərək potensial gecikmələri hesablayıb.
Hesabatda qeyd olunur ki, Ryanair, easyJet və Air France aviaşirkətlərinin uçuşlarının 29 faizi gecikmə ilə üzləşib. Bu göstərici onları 2025-ci ildə dünyada ən çox uçuş gecikməsi yaşayan aviaşirkətlər siyahısının ilk sıralarına çıxarıb.
Siyahının növbəti pillələrində ABŞ-da ən çox gecikmə qeydə alınan Frontier Airlines, eləcə də Lufthansa və Qantas yer alıb.
Hesabatda həmçinin vurğulanır ki, hər üç səyahətçidən biri ilin pik səyahət dövrlərində gecikmə riski ilə qarşılaşır. Xüsusilə ilin sonuna yaxın bayram və tətil mövsümü gecikmə ehtimalını artırır.
